18 sentyabr 2023-cü il tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasına dair qərar qəbul edilib. Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.
Ümumdünya İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir. Dünya İrs siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.
"XINALIQ VƏ KÖÇ YOLU” DÖVLƏT TARİX-MƏDƏNİYYƏT VƏ ETNOQRAFİYA QORUĞU
4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilib. Qoruq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyindədir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə Xınalıq kəndinin ərazisində “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu yaradılmışdı. Bu qoruq ərazisində mədəniyyət və turizm əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərar layihəsinə uyğun olaraq Xınalıq kəndi dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur.
“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ərazisi əvvəlki "Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisini əhatə edir.
Xınalıq dağ kəndi Azərbaycanın paytaxtı Bakıdan 3,5 saatlıq məsafədə, Quba rayonunun 60 km-liyində yerləşir. Dəniz səviyyəsindən 2200 metrədək yüksəklikdə olan Xınalıq kəndi regionun ən yüksək yaşayış məntəqələrindən biridir. Xınalıq kəndindən başlayaraq Pirsaat su anbarınadək uzanan Köç Yolu isə 6 inzibati rayonun (Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları) ərazisindən keçməklə 200 kilometrdən artıq uzunluqdadır.
“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən mədəni irs nümunəsidir. Bu qoruqda Dövlət Turizm Agentliyi tərəfindən aparılan təmir-bərpa işləri mədəni irs dəyərlərinin qorunması və mühafizəsinə əsaslanır. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindən ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl Dünya İrs Komitəsinin tövsiyələri əsasında beynəlxalq standartlara uyğun “Xınalıq- Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planı hazırlanıb.
ARXEOLOJİ QAZINTILAR
Zanqar qədim yaşayış yeri Xınalıq kəndindən 10 km cənub-şərqdə, Quba-Xınalıq yolunun üstündə təxminən 2 ha ərazidə yerləşir. Dəniz səviyyəsindən 1963 m hündürlükdə olan bu qədim ərazidə Kür-Araz mədəniyyətinə dair 2 tikinti qatı müəyyən edilib.
2011-ci ildə Zanqar kurqanında aparılan arxeoloji qazıntı işlərinin ilkin nəticələrinə görə bu ərazi e.ə 2000-ci ilə aid edilir. Buradan tapılan nümunələr Azərbaycanın düzən ərazilərində yerləşən abidələrlə analogiya təşkil etsə də, burada Şimali Qafqaz mədəniyyətinin izlərini də görmək olar.
Ərazidə tapılan digər abidə - kurqanın yaxınlığında yerləşən e.ə III minilliyə aid edilən yaşayış yeridir. Aparılan arxeoloji-tədqiqat işləri nəticəsində buradan ocaq yeri, kül qatı, çox saylı saxsı məmulatları, heyvan sümüklərindən iti uclu biz, oraq dişi, çaxmaq daşından qəlpələr, tuncdan hazırlanmış müxtəlif ölçülərdə və formada bəzək əşyaları (asmalar, amuletlər, sırğalar, iynələr və s) müxtəlif növ materiallardan (əqiq, daş, pasta, balıqqulağı və s.) hazırlanmış çoxlu sayda muncuqlar aşkar edilmişdir. Bu tapıntılar ilk tunc dövrünə xas texnoloji və tərtibat xüsusiyyətlərini özündə əks etdirir.
Bərkşanə (Inqa) qədim yaşayış yeri Xınalıqdan cənubda 2 km məsafədə, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir və ərazisi təxminən 1.5 ha ərazini əhatə edir. Ərazidə kəşfiyyat xarakterli qazıntı işləri zamanı müxtəlif ölçülü saxsı qırıqları, şar formasında daş alət, heyvan sümükləri 110-120 sm dərinlikdə çay daşından səliqə ilə tikilmiş binanın divarları, aşkar edilib. Tədqiqatlara görə abidənin dövrü e.ə II minilliyə aid edilib.
2016-2019-cu illərdə təqribən 3 hektardan çox ərazini əhatə edən “Kıma Liqebiriş” qədim qəbiristanlığında arxeoloji qazıntılar aparılıb. “Kıma Liqebiriş” Xınalıqdan 2 kilometr cənub-şərqdə, Qudyalçay çayının sağ sahilində, dəniz səviyyəsindən 1968 metr yüksəklikdə yerləşir. Bu ərazi yüksəklikdə, kənd əhalisinin onilliklər ərzində örüş ərazisi kimi istifadə etdiyi yerdə olduğu üçün arxeoloji abidə kimi çox yaxşı vəziyyətdə qalıb.
Ərazidə kəşfiyyat qazıntı işləri nəticəsində çoxlu sayda insan skletləri olan qəbirlər və maddi mədəniyyət nümunələri( tunc düyməciklər, zəncirə bərkidilmiş qoşa zınqırovlar, dəmir nizə, bıçaq, əqiq muncuqlar, pasta və şüşə göz muncuqlar, alban mədəniyyəti üçün səciyyıəvi olan saxsı nümunələr və s.) aşkar olundu. Öyrənilən qəbirlərin dövrü e.ə VI-VII əsrlərə aid edilir.
2020-21-ci illərdə ərazidə aparılam elmi tədqiqat və arxeoloji qazıntı işləri zamanı abidənin şimalında istehkamlar, cənubunda daş qutu qəbirlər aşkar olunub. Geniş xronoloji dövrü – e.ə. VII-V əsrləri əhatə edən kompleksdə 40-a yaxın qəbir abidəsi araşdırılıb. Bütün qəbirlərin divarları çay daşından hörülüb, qəbirlərin üzəri isə iri sal daş lövhələrlə örtülüb. Qəbirdə dəfn olunanlar arxası üstə, iki istiqamətdə (şərq-qərb) basdırılıblar, onların yanına ayin zamanı istifadə olunmuş kiçik ölçülü saxsı qablar, silahlar, müxtəlif bəzək əşyaları (tunc bilərziklər, muncuqlar, sırğalar, müxtəlif keramika qabları və s.) qoyulub.
Nekropoldakı qəbirlərdən birindən üzərində Gorgon-meduza təsviri olan bürünc bir faler tapılıb. Bundan əlavə, bir ədəd bürüncdən kəmər dəstinin bir hissəsi, umbon və uzun Roma tipli pelta (nizə) ucluğu aşkar edilib. Bu maddi-mədəniyyət nümunələri Azərbaycanda romalıların ekspansiyasına (Azərbaycan sərhədlərinə doğru irəliləməsi) dəlalət edir.
2023-cü ildə “Kıma liqebiriş”də aparılmış qazıntılar nəticəsində qəbirstanlıqda daş qutu qəbirlər aşkarlanıb. Qəbirdən antik dövrə aid saxsı qab fraqmentləri, muncuqlar, insan skeleti tapılıb. Daş qutu qəbirdən həmçinin 1 ədəd gümüş cam, 4 ədəd tunc qolbaq, 2 ədəd tunc üzük, 1 cüt sinə bəzəyi olan gümüş medalyon, dəmirdən hazırlanmış nizə hissələri, b.e VIII əsrinə aid edilən gümüş pullar (metal sikkə) tapılıb.
QƏDİM ƏLYAZMALARIN AŞKARLANMASI
Xınalıq qoruğu ərazisində yerləşən evlərdə aparılan təmir-bərpa zamanı evin divarları içərisindən tapılmış qədim əlyazma və çap nümunələri mütəxəssislər tərəfindən oxunub. Bu qiymətli sənədlər inventarlaşdırılıb və qoruğun muzey fonduna təhvil verilib.
XINALIQ CORAB NAXIŞLARININ TƏDQİQİ
Xınalıqda ənənəvi sənət sahələrindən olan corab toxunması və corablar üzərində naxışlar haqqında elmi-tədqiqat işi aparılıb. Araşdırma nəticəsində qədim və müasir corab naxış təsvirləri qruplaşdırılıb, onların illüstrasiyaları işlənilib.
XINALIQ FOLKLORUNUN TƏDQİQİ
2021-ci ildə Dövlət Turizm Agentlyinin dəstəyi ilə AMEA Folklor İnstitutu tərəfindən Xınalıq sakinlərinin qədim və müasir ənənələri araşdırılıb, Xınalıq əhalisinin mərasim adətləri, dini inancları, şifahi xalq ədəbiyyatı nümunələri, musiqi mədəniyyəti və s. bağlı materiallar toplanılıb.
2023-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatına məxsus 3 nağıl Xınalıq dilinə tərcümə edilib.
XINALIQ ƏHALİSİ HAQQINDA ARAŞDIRMA
Xınalıqda çar Rusiyasının hakimiyyəti dövrünün müxtəlif illərində aparılmış siyahıyalma sənədləri Azərbaycan dilinə təcümə edilərək yenidən işlənilib. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivinin materialları əsasında XIX əsr Xınalıq tarixinə, etnoqrafiyasına dair maraqlı məlumatlar əldə edilib.
“DAĞLARIN BAŞI" MUSİQİ FESTİVALI
2020-ci il sentyabrın 6-8-də Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı keçirilib. Festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını nümayiş etdiriblər, həm də yerli sakinlər üçün master-klasslar keçiblər. “VarYox” mədəniyyət və incəsənət mərkəzinin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin dəstəyilə keçirilən “Dağların başı” layihəsi çərçivəsində uşaqlara ''workshop''Iar, ingilis dili, teatr, foto dərsləri və 12 uşağın iştirakı ilə foto müsabiqə də keçirilib. Müsabiqə iştirakçılarına isə fotokameralar hədiyyə edilib. Həmçinin müsabiqə üçün çəkilən fotolar satışa çıxarılıb. Eyni zamanda insanlara müxtəlif bəzək əşyalarının düzəldilməsi öyrədilib. Yerli əhaliyə isə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib.