Abidələr

İbrahim Xəlil hücrəsinin tarixinin  XVIII əsrin sonları- XIX əsrin əvvəllərinə aid olduğu güman edilir. Bu hücrə Xınalıqdan  şimal istiqamətində 4 km məsafədə yerləşir.

Əvvəllər Dəyirmançayın sol tərəfində  yerləşən hücrə 2003-cü ildə torpaq sürüşməsi nəticəsində tamamilə dağılıb. Bundan sonra abidənin daşlarından istifadə etməklə onu daha təhlükəsiz yerdə yenidən inşa ediblər.

Türbələr arasında ən sonuncu tikilən türbədir. Aşağı məhəllə qəbiristanlığında yerləşən Əhməd Əfəndi türbəsinin tarixi XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olunur.

İslam dininin təbliğatçısı olan Əhməd Əfəndinin qəbrinin üstündə sonradan türbə tikilib.

 XVIII əsrə aid olan Möhüc Baba türbəsi hazırda Xınalıqda ən çox ziyarət edilən yerlərdən biridir. Bu ziyarətgaha əsasən əsəb xəstəliyi olan şəxslər, xüsusilə də uşaqları gətirirlər.  

Xınalıqlılar Möhüc babanın əllərində biocərəyan olduğuna inanıblar. O, xəstələri həm əlləri, həm də bitkilərdən hazırladığı dərmanlarla müalicə edib. 

 

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan Qüllə (İnv. 301) “Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeoloji abidələri siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel 140 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülüb. 
Qüllənin tikilmə tarixi və kimin tərəfindən tikilməsi haqqında dəqiq məlumat olmasa da, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 2 mart 1987-ci ildə hazırladığı pasportda abidənin tikilmə tarixi XIX əsr qeyd edilib. 
 

Cabbar baba türbəsinin tarixi XVII əsrin sonu-XVIII əsrin əvvəllərinə aid edilir. Türbə Çuxur məhəlləsində, qəbiristanlığının ortasında yerləşir. Cabbar babanın vaxtilə Türkiyədən gəldiyi, Əbu Müslim məscidində baş imam olduğu bilinir.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv. 4648) dövlət mühafizəsinə götürülüb. (“Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin dövlət mühafizəsi siyahısının təsdiqi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 25 aprel tarixli, 145 nömrəli qərarı) Xınalıq kəndinin ən hündür yerində yerləşən Əbu Müslüm məscidinin tikilmə tarixi və kimin tərəfindən inşa edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 10 fevral 1986-ci ildə hazırladığı pasportda abidənin tikilmə tarixi 1889-cu il (hicri 1306-cı il) olaraq qeyd edilsə də, məscidin daha qədim dövrlərdə inşa edildiyi və bir neçə dəfə bərpa edilərək dəyişikliyə məruz qaldığı güman edilir. Abidənin yaranması ilə bağlı yerli əhali arasında doğruluğuna ciddi şübhələr olan bir sıra hekayələr yayılıb. Bunlardan birinə görə, Abbasi Xilafətinin məşhur sərkərdəsi Əbu Müslüm əl-Xorasani tərəfindən Dağıstanda və Azərbaycanda islamın yayılması zamanı bir sıra məscidlər tikilmişdir və Xınalıqda yerləşən Əbu Müslüm məscidi bu proses çərçivəsində təxminən VIII əsrdə tikdirilib. Digər bir hekayəyə görə isə Dərbənd hakimi Hişamın qardaşı Abu Müslüm tərəfindən IX əsrin sonu X əsrin əvvəllərində Dağıstan və Azərbaycanın şimal-şərq ərazisindəki kəndlərdə islam dini yayılmış, bu proses çərçivəsində regionda bir sıra məscidlər, həmçinin Xınalıq kəndində Əbu Müslüm məscidi tikilib. Abidənin üzərində Azərbaycan, Dağıstan dağ kəndlərinə məxsus daşoyma və ağacoyma naxış nümunələrini görmək mümkündür. Məscidin damı əvvəllər torpaqla örtülsə də, 1989-cu ildə dam örtüyü dəmir şiferə dəyişdirilib. Məscid binası 2001-ci ildə leysan yağışlar nəticəsində qəzalı vəziyyətə düşüb. 2012-2014-ci illərdə aparılan əsaslı təmir-bərpa işlərindən sonra əvvəlki görkəminə qaytarılıb.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv. 4650) dövlət mühafizəsinə götürülüb.(“Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin dövlət mühafizəsi siyahısının təsdiqi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 25 aprel tarixli, 145 nömrəli qərarı)
Pir Comərd məscidinin inşa tarixi və kimin tərəfindən tikilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 12 mart 1987-ci ildə hazırladığı pasportda abidənin tikilmə tarixi XIX əsr qeyd edilib. Bəzi rəvayətlərə görə, məscid vaxtilə Xınalıqda yaşamış, təriqət şeyxi dərəcəsində hörmət edilən Comərd adlı şəxs tərəfindən tikilib. Deyilənlərə görə Comərdin qəbri tikilinin daxilində “zülmətxana” adlanan (pəncərə və baca olmadığına görə belə adlandırılır) daxili otaqda, digər ehtimala görə isə məscidə bitişik “Qüllə” adlanan tikilinin içərisindədir. Hazırda məscid əhali tərəfindən ziyarətgah kimi istifadə olunur.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv. 4651) dövlət mühafizəsinə götürülüb.(“Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin dövlət mühafizəsi siyahısının təsdiqi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 25 aprel tarixli, 145 nömrəli qərarı) Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 fevral 1987-ci ildə hazırladığı pasportda abidənin tikilmə tarixi XIX əsr kimi qeyd edilsə də, abidənin XVI əsrə aid olduğu güman olunur. Yelqovan məhəlləsində yerləşən abidə vaxtilə Xınalıqda dini lider olmuş və öz evində mədrəsə açıb dərs keçən ruhani Xıdır Nəbinin adını daşıyır. Dini müəllimliklə yanaşı, təbiblik də edən bu şəxs Xınalıq ərazisindəki bitki və otların köməyilə dişləri müalicə edibmiş. Xıdır Nəbini kəndin yaxın yerində, hündür təpənin üstündə basdırıblar. Xıdır Nəbi vəfat etdikdən sonra tələbələri hörmət əlaməti olaraq onun qəbri üzərində türbə ucaldıblar. Bir müddət sonra türbəyə bitişik məhəlli məscidi də inşa edilib. Xıdır Nəbi türbə-məscidi indinin özündə də inanc yeri kimi qəbul edilir. Diş ağrılarını müalicə etmək istəyənlər türbədəki tək ağacın üstünə at mıxını vurararaq nəzir verirdi. Buna görə də bu piri yerli əhali həm də “Diş qəbri”, “Mıx piri” adlandırırdılar.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv. 4649) dövlət mühafizəsinə götürülüb.(“Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin dövlət mühafizəsi siyahısının təsdiqi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 25 aprel tarixli, 145 nömrəli qərarı) Şeyx Şalbuz məscidinin tikilmə tarixi və kimin tərəfindən tikilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 10 fevral 1987-ci ildə hazırladığı pasportda abidənin tikilmə tarixi kimi XIX əsr qeyd edilib. Lakin abidənin XVII əsrə aid olmasına dair ehtimallar səsləndirilir. Kənd əhalisindən əldə edilən məlumatlara görə, məscid vaxtilə mollaxana və ya mədrəsə kimi fəaliyyət göstərib. Rəvayətə görə, XIII əsrdə İraqdan Xınalığa gələn Şeyx Şalbuz adlı mömin şəxs islam dininin, həmçinin ərəb, fars dillərinin mükəmməl bilicisi olub və həmin mədrəsədə tələbələrə təhsil verib. İslam dininin mükəmməl bilicisi olmuş Şeyx Şalbuz həm də fenomenal hissiyyat və öncəgörmə bacarığına malik olub. Rəvayətlərə görə, o, əlindəki biocərəyanla xəstələri müalicə edə bilirmiş.

Şeyxin dəfn olunduğu türbədə qədim kitabxana fondu tapılıb ki, bu da burada əvvəllər dini tədris mərkəzinin mövcud olduğunu deməyə əsas verir. Həmin kitabxanadan XIX əsrin sonu XX əsrin əvvəllərinə aid daşbasma üsulu ilə çap materialları, çoxsaylı əlyazma Quran və dini mətnlər aşkarlanıb. Tapılmış əlyazmalar içərisində çoxsaylı dualara, yazılara, tibbi xarakterli qeydlərə rast gəlinir. Şeyx Şalbuzun adı ilə bağlı Xınalıq kəndində bir sıra rəvayətlər mövcuddur. Şeyx Şalbuz adlı pir yerinə Şah düzündə də rast gəlinir. Dağıstanda isə Şeyx Şalbuzun adı ilə bağlı ləzgi əhali tərəfindən müqəddəs hesab edilən dağ zirvəsinə rast gəlinir. Hazırda kənd əhalisi Şeyx Şalbuz pirinə əsasən orucluq ayında namaz qılmağa və nəzir qoymağa gəlirlər.

Xınalıq Qafqazda erkən Tunc və Dəmir dövrlərinin mədəniyyətini öyrənmək üçün mühüm yerdir. Xınalıq və kəndin ətrafında aparılan arxeoloji işlərin nəticəsində iddia etmək olar ki, tunc dövründən başlayaraq
orta əsrlərə kimi inkişaf mərhələlərini keçmiş bu ərazinin Qafqazın mədəni sistemində xüsusi yeri olub. Ərazidən arxeoloji tapıntıların təhlili Böyük Qafqazın cənub yamacındakı digər yaşayış məntəqələri ilə (Qəbələ, Şirvan və s.). ictimai-siyasi əlaqələrin olmasına dəlalət edir.

Salavat yurdunun yaxınlığında 2 karvansara yerləşir. Ehtimal olunur ki, bu tikililər Qəbələyə gedib-gələn yolçuların gecələməsi üçün XVII əsrdə tikilib. Torpaqda qazılmaqla tikilən bu karvansaralardan biri  uçulub, digəri isə qismən dağılıb.  

Yaşayış yurdu Xınalıq kəndindən 5 km uzaqlıqda şimal istiqamətində, hündür təpənin üzərində yerləşir.  Abidənin orta əsrlərdə Xınalığa şimaldan gələ biləcək düşmən hücumunun qarşısının alınması məqsədilə salındığı güman edilir.

 

Bərkşanə qədim yaşayış yurdu Xınalıqdan 2 km cənubda, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. Digər adı Xınalıq dilində “Inga” (mənası əkin, əkin yeri) deməkdir.  Abidəni  Xınalıqdan  Qudyalçay,  şərqdən  isə Qibləçay ayırır. Yaşayış yeri bir-birinə bitişik iki təpədən ibarətdir. Bu məkanın nəzarət və gözətçi məntəqəsi olduğu ehtimal edilir.

2012-ci ildə burada aparılan kəşfiyyat xarakterli qazıntı işləri zamanı divar qalıqları, eramızdan əvvəl II-I minilliyə aid edilən müxtəlif ölçülü saxsı qırıqları, daş alət və müxtəlif heyvan sümükləri, 110-120 sm dərinlikdə çay daşından tikilmiş bina divarları tapılıb.

 

“Xillələrin yurdu” Xınalıqdan 300 metr aralıda qərb istiqamətində yerləşir. Müasir dövrdə bu ərazidə inzibati bina və evlər tikilərkən yeraltı divar və qədim tikili qalıqları üzə çıxıb. Bu da ərazidə vaxtilə  qədim yaşayış məskənini olması haqqında ehtimalları ortaya çıxarıb. Digər tərəfdən, ərazinin yaxınlığında, “Ber-buta” adlı təpədə çoxlu qəbirlərin olması maraq doğurur. 

Salavat yurdunun yaxınlığında 2 karvansara yerləşir. Ehtimal olunur ki, bu tikililər Qəbələyə gedib-gələn yolçuların gecələməsi üçün XVII əsrdə tikilib. Torpaqda qazılmaqla tikilən bu karvansaralardan biri  uçulub, digəri isə qismən dağılıb.  

“Zanqar” arxeoloji abidəsi Xınalıq kəndindən 10 km cənub-şərqdə , Qudyalçayın sağ sahilində dağətəyi ərazidə, müasir Quba-Xınalıq asfalt yolunun üstündə yerləşir. Vaxtilə bu yerdən yol keçdiyinə görə, abidənin böyük bir hissəsinin səthi dağılıb. Dəniz səviyyəsindən 1963 metr hündürlükdə yerləşən Zanqar abidəsinin sahəsi 2 hektara yaxındır. 2010-2012-ci illərdə ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində kurqan və e.ə III minilliyə aid edilən yaşayış yeri aşkar edilib. Bundan başqa ilk tunc dövrünə aid ocaq yeri, kül qatı, çox saylı saxsı məmulatları, heyvan sümüklərindən hazırlanmış iti uclu biz, oraq dişi, çaxmaq daşından qəlpələr, tuncdan hazırlanmış müxtəlif ölçülərdə və formada bəzək əşyaları
(asmalar, amuletlər, sırğalar, iynələr və s) müxtəlif növ materiallardan hazırlanmış (əqiq, daş, pasta, balıqqulağı və s.) hazırlanmış çoxlu sayda muncuqlar aşkar edilib. Zanqar Xınalıq ərazisində və Böyük Qafqaz dağlarının şimal-şərq yüksəkliklərində aşkar olunan ilk kurqan və yaşayış yeri olduğuna görə bu tapıntıların böyük elmi əhəmiyyəti var.

“Kıma Liqebiriş” qədim yaşayış yurdu Xınalıqdan 2 kilometr cənub-şərqdə, Qudyalçayın sağ sahilində, dəniz səviyyəsindən 1968 metr yüksəklikdə yerləşir. Məhz yüksəklikdə yerləşdiyi üçün yaxşı vəziyyətdə qalan kompleks xarakterli bu abidə təqribən 3 hektardan çox ərazini əhatə edir. Şimal tərəfdə istehkamlar, cənubda daş qutularda çox saylı qəbirlər aşkar olunub. Geniş xronoloji dövrü – e.ə. V- VII əsrləri əhatə edən kompleksdə 40-a yaxın qəbir araşdırılıb. Bütün qəbirlər çay daşından hörülmüş, qəbirlərinin üzəri isə daş lövhələrlə örtülüb. Dəfn olunanlar arxası üstə, iki istiqamətdə (şərq-qərb) basdırılıblar, onların yanına ayin zamanı istifadə olunmuş kiçik ölçülü saxsı qablar, silahlar, müxtəlif bəzək əşyaları (tunc bilərziklər, muncuqlar, sırğalar və s.) qoyulurdu. Bəzi əşyaların Misirdən idxal olunduğu güman edilir. Nekropoldakı qəbirlərdən birindən üzərində Gorgon-meduza təsviri olan bürünc bir faler tapılıb. Bundan əlavə, bir ədəd bürünc kəmər dəstinin bir hissəsi, umbon və uzun Roma tipli pelta (nizə) ucluğu aşkar edilib. Bu maddi-mədəniyyət nümunələri Azərbaycanda romalıların ekspansiyasına (sərhədlərinə doğru irəliləməsi) dəlalət edir.

Bu abidə Xınalıqdan qərb istiqamətində 3 km uzaqlıqda yerləşir. Abidə Qudyalçayın solunda,  hündür sıldırım qayalıqda yerləşir. Daş kitabə 1968-ci ilə kimi geniş istifadə olunan Xınalıq-Qəbələ yolun üzərindədir. Burada atların, öküzlərin həmçinin, insanların rahat şəkildə gediş-gəlişin təmin etmək məqsədi ilə pilləkən tikilib. Pilləkənlərdən sonra kiçik qayaüstü meydança vardır. Meydançaya bitişik ərazidə  3 m hündürlükdə ərəb əlifbası ilə Quran-Kərimdəki ayələrdən biri yazılıb. Bu yazı sıldırım keçidlərlə gedən yolçuların sağ-salamat mənzil başına çatması üçün xeyir-dua rəmzini daşıyır. Pilləkənli daş zonası ekoturizm üçün cəlbedici və istirahət yeridir.

Qarı mağarası Xınalıqdan şimal-şərq istiqamətində 1 km məsafədə yerləşir. Mağaranın forması oval şəkillidir. Daxili ölçüsü 10 x10 metr, daxili hündürlüyü isə təxminən 10 metrdir.   Mağaraya avtomobil yolu yoxdur.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv. 4647) dövlət mühafizəsinə götürülüb. (“Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin
dövlət mühafizəsi siyahısının təsdiqi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 25 aprel tarixli, 145 nömrəli qərarı) “Atəşgah” (Xınalıq dilində -“Cə Yuviri cigə-od”- “yanan yer”) məbədi Xınalıq kəndindən 5 km şimal istiqamətdə Qızılqaya dağının ətəyində yerləşir. Yerin dərinliklərindən təbii şəkildə çıxan qaz nəticəsində yaranmış alovun yerləşdiyi ərazi əhali tərəfindən müqəddəs hesab edilirdi. Adətən yerli əhali müxtəlif diləklərlə Atəşgahı ziyarət edir, kəsilən qurban ətlərini alov üzərində bişirərək nəzir kimi paylayırdılar. Hazırda alov üzərində olan tikili 2016-cı ildə Xınalığın ənənəvi tikinti materialı olan qaya daşı və çay daşından istifadə olunmaqla inşa edilib. Məbəd daimi alov mənbəyini mərkəzdə saxlamaqla Suraxanı Atəşgah məbədi memarlığı üslubunda çahar-tağ (dörd istiqamətə baxan tağ) şəklində qurulub.

“Qırx Abdul baba” mağarası Xınalıqdan şimal-şərq istiqamətində 1 km məsafədə yerləşir. Uzunluğu 100 m, daxili eni 5 m ,hündürlüyü 3 -5 metr aralığında dəyişir. Mağara boyunca tavandan təmiz şəffaf su damcılayır. Yerli əhali bu abidəni “Kirk per” (Damcılı pir) adlandırırlar. Təbiət abidəsi müqəddəs yer sayılır və inanclı insanlar tərəfindən ziyarət edilir.