XINALIQ KƏNDİ

Xınalıq kəndi Azərbaycanın şimal-qərbində, Quba rayonunda, paytaxt Bakıdan 230 km məsafədə - dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir. Qudyalçayın şərq hissəsində yerləşən Xınalıqda dağ mənzərəsi üstünlük təşkil edir.

Kənd Şahdüzü çökəkliyi, Şahdağ və Qızılqaya yaylaları kimi bir neçə çökəklik və yaylalarla əhatə olunub. Xınalığa yaxın ən yüksək dağ zirvələri Bazardüzü (4466 m), Tufandağ (4191 m), Şahdağ (4243 m) və Qızılqayadır (3726 m). Sıldırım qayalıqlar və Şahdağın zirvəsində yerləşməsi, sərt iqlimi, kənddə torpağın azlığı buradakı əhalinin yaşayışını çox çətinləşdirir. Lakin əlverişsiz şəraitə baxmayaraq, xınalıqlılar məhdud təbii sərvətlərdən ehtiyatla istifadə edərək yaşayırlar.

Xınalıq 2001-ci ildə Azərbaycanın “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri” siyahısına daxil edilib. 

Xınalıqlıların 26 Alban tayfalarından birinin nəsillərindən olduqları hesab edilir. Bəzi Xınalıq əfsanələri Albaniya şəxsiyyətlərinə istinad edir. VIII əsrdə Ərəb alimi Yaqut Əl-Həməvi özünün lüğət “Mücəm əl-buldan” (Ölkələrin adları əlifba sırası ilə) adlı kitabında Xazaran dağ keçidində kiçik bir qəsəbənin (şəhərin) olduğunu qeyd edib.

Şərqşünas alim, akademik Ziya Bünyadov özünün “Azərbaycan Tarixi” kitabında “ketiş” adlı Alban tayfasının adını qeyd edib (Baku 1994, cild I, s. 212). A.A. Bakıxanovun “Gülüstani İrəm” adlı kitabında Albanların “Ket” tayfaları haqqında qeydlər mövcuddur. “Ket” yaxud “Kətiş” sözləri “özümüzünkü” mənasını verən Ket-did ~ Ketiş sözləri ilə əlaqələndirilə bilər.

Yunan alimi Strabonun (e.ə. 64 – 24) “Coğrafiya” kitabında verilən məlumata görə, VII-X əsrlərdə həmin ərazidə bir şəhər mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. Həmin şəhərin adı haqqında hansısa məlumat olmasa da, müəllifin Xınalığı nəzərdə tutduğu ehtimal olunur. VIII əsrdə Xınalıqlılar Dərbənd hakimi Hişamın qardaşı Əbu Müslüm vasitəsilə İslam dinini qəbul ediblər. Xınalıqdakı ən qədim məscid (Əbu Müslüm məscidi) məhz onun əmri ilə tikilib. Ümumilikdə XII–XVIII əsrlərdə Xınalıqda çoxsaylı türbə və məscidlər inşa edilib.

1991-ci ildə Azərbaycanın müstəqillik qazanması Xınalıqda da kənd həyatını köklü şəkildə dəyişdi. Kolxoz və sovxozlarda birləşdirilmiş kənd
təsərrüfatı yenidən özəlləşdirildi. Bu da yerli iqtisadiyyatın inkişafına təkan vermiş oldu. Beləliklə, xınalıqlılar
özlərinin ənənəvi həyat tərzinə qayıda bildilər.

2006-cı ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xınalığa rəsmi səfərindən sonra kənddə yeni poçt ofisi tikilib, telefon xətləri çəkilib, mobil operatorların stansiyaları fəaliyyətə başlayıb. 2007-ci ildə Xınalıq kənd internat tam orta məktəbi istifadəyə verilib. Xınalıq əhalisinin  əsas
məşğuliyyəti qoyunçuluq və maldarlıq olduğundan onların bir hissəsi ilin çox hissəsini qışlaqlarda keçirir.  Bu müddət ərzində həmin ailələrin övladları
Xınalıq kənd internat tam orta məktəbində təhsil ala bilir. Bununla yanaşı, qonşu kəndlərin şagirdləri də bu məktəbdə təhsil alıb  daimi burada qala bilirlər.

Xınalıq 2001-ci ildə Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. 

 

1920-ci ilin aprel ayının 28-də təsis edilmiş AzSSR Sovet İttifaqı respublikalarından biri oldu. Sovet İttifaqının ilk 37 ilində xınalıqlılar siyahıyaalmalarda azərbaycanlılar kimi qeyd olunublar. 1959-cu ildən isə xınalıqlılar ayrıca bir etnik qrup kimi qeydiyyata alınıblar. 

1930-cu illərdə Xınalıq kəndi Qonaqkənd rayonuna daxil edilib. 1959-cu il 4 dekabr tarixindən isə Xınalıq kəndi Quba rayonunun inzibati ərazisinə salınıb.

Sovet dövründə Xınalıqda həyat tərzi əhəmiyyətli dərəcədə dəyişmişdi. 1934-cü ildən Kolxozda “Qızıl Ulduz” adlı kənd təsərrüfatı iqtisadiyyatı təşkil edilmiş və bu kollektivləşmə çərçivəsində, Xınalıq əhalisi öz mal-qarasını kolxoza vermək məcburiyyətində qalmışdılar. Bütün yaşayış vasitələri milliləşdirilmişdi.  Varlı insanlar repressiyaya məruz qalmış, onların əksəriyyəti sürgün edilmişdi. 1964-cü ildə isə kolxoz sovxoz iqtisadiyyatı ilə əvəz olundu. 1939-1945-ci illərdə 170  xınalıqlı II dünya müharibəsində iştirak etmiş,  onların yarısından çoxu cəbhədən geri qayıtmamışdı.

Xınalıqda tibb məntəqəsi 1956-cı ildən fəaliyyətə başlayıb. Sonrakı illərdə kəndə telefon xətti çəkilib, poçt məntəqəsi istifadəyə verilib, evlərə elektrik xətləri çəkilib,  televiziya ötürücü stansiyası quraşdırılıb.

Bu dövrdə ən əlamətdar hadisələrdən biri 1967-1968-ci illərdə Quba-Alpan-Susay-Qalaxudat kəndlərindən keçən Xınalıq avtomobil yolunun çəkilməsi oldu. Uzunluğu 60 km olan bu yol yalnız iri nəqliyyat vasitələri üçün əlverişli idi. 1988-1994-cu illərdə isə Qudyalçayın yatağı ilə çəkilən yeni yol Qəçrəş kəndindən keçməklə Xınalığı Qubanın mərkəzi ilə birləşdirdi.

1831-ci ildə tərtib edilmiş “Quba əyalətinin kameral təsviri” adlı kitabda kənd sakinlərinin köçəri həyat sürdüyü qeyd edilib. Kitabda Xınalıqda 266  ailədə 962 nəfər kişi cinsinin nümayəndəsinin yaşadığı qeyd olunur. Xınalıq əhalisinə aid 1870-ci ildə nəşr edilən bir statistik məlumatda Xınalıqda 2315 nəfərin yaşadığı qeyd edilib.

Digər siyahıyaalmalarda əhalinin sayı ilə yanaşı, həmçinin tüstü bacalarının sayı da qeyd olunub . Bu zaman bir tüstü bacasının bir evə aid olduğu qəbul edilib. Belə ki, 1859-cu ildə Xınalıqda 338 tüstü bacasının olduğu və burada  2300 nəfərin yaşadığı qeyd edilib. 

1897-ci ildən sonra xınalıqlılar digər etnik qruplar kimi uzun  müddət ərzində siyahıya alınmamışdır. Yalnız 1921-ci ilin kənd təsərrüfatı statiskasına görə,  Xınalıqda 367 evin və 1800 sakinin yaşadığı qeyd olunub. 
 

Quba xanlığı müasir Azərbaycan ərazisində 1726-1806-ci illərdə mövcud olan müstəqil bir xanlıq olub. XVIII əsrin sonlarında Xınalıq da bu xanlığın tərkibinə keçib. Həmin vaxt Xınalıq, Qrız, Haput, Cek, Əlik və Qalaxudat kəndləri birləşdirilərək bir idarəetmə forması yaradılıb. Quba xanlığı 10 mahala bölünüb ki, Xınalıq da onlardan biri olub. 

Tarixi e.ə. IV əsrə gedib çıxan  Qafqaz Albaniyası Böyük Qafqaz dağlarının cənub yamacında yerləşib. Xınalıq Qafqaz Albaniyasının paytaxtı Qəbələni Şimali Qafqaz və Dərbənd bölgəsi ilə birləşdirən dağlıq yollar üçün həlledici qovşaq rolunu oynayıb.

“Kıma liqeberiş” nekropolunda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış qədim tapıntılar Qəbələ, Mingəçevir, Mollaisaqlı, Şamaxı və digər yerlərdə  Qafqaz Albaniyası mənşəli tapıntılara çox bənzəyir. Bu oxşarlıq Xınalıq ərazisinin Qafqaz Albaniyası ilə ortaq siyasi mənsubiyyətə malik olmasına dair qənaətə gəlməyə əsas verir. Bu, həm də Xınalıq sakinlərinin Qafqaz Albaniyası dövlətini təşkil edən 26 tayfadan biri olması ilə bağlı fərziyyəni gücləndirir.

Xınalıqda Şahənşah Pərviz Xosrovun (591-628) adına kəsilmiş Sasanilər dövrünə aid sikkələrin tapılması təsadüfi deyil və bu fakt kəndin qonşu bölgələrlə möhkəm ticarət əlaqələrindən xəbər verir. Bundan başqa, Xınalıq yaxınlığında Atabəylər dövləti (1136-1225), Elxanilər Monqol dövləti (1258-1336), Ağqoyunlu dövləti (1468-1501) və Səfəvilər dövləti kimi digər orta əsr dövlətlərinin sikkələri də aşkar edilib.

Bundan başqa, qədim udi dilində (Qafqaz Albaniyasının rəsmi dili) VI-VII əsrlərə aid olan palimpsest yazılarda müasir Xınaluq dilində mövcud olan lüğət elementlərinə rast gəlinir. Qəbələ rayonunun Nic kəndində məskunlaşan müasir udilər indinin özündə də bu qədim palimpsestlərdə tapılan dilə çox oxşayan bir dildən istifadə edirlər.

Xınalıq ərazisində ilkin məskunlaşmanın erkən tunc dövrünə - e.ə IV minilliyin sonuna təsadüf etməsinə aid faktlar mövcuddur. 2010-2012-ci illərdə Xınalıq ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində çox saylı kurqanlarla yanaşı, “Zangar” (Xınalıq) qədim yaşayış məskəni və “Kıma liqebriş” (qədim qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunub. Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər. 2017-ci ilin iyul ayından etibarən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində yerləşən “Kıma liqebriş” (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr) qəbiristanlıq aşkar edilib.

Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət nümunələri - dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan hazırlanmış unikal bəzək əşyaları aşkar olunub. tuncdan, sümükdən və daşdan hazırlanmış müxtəlif muncuqlar, amuletlər, ox ucluqları, iynələr və müxtəlif növ bəzək əşyaları aşkarlanaraq qoruğun muzey fonduna daxil edilib. Əldə olunan tapıntılar Xınalıqla Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir. Tunc dövrünün sonundan Albaniya dövlətinin mövcud olduğu dövrə qədərki müddətdə bu ərazilərdə məskunlaşma haqqında çox az məlumatlar var.

Xınalıqlılar yalnız bu kəndə məxsus olan unikal dildə danışırlar. Bu dilin bənzərinə heç yerdə rast gəlmək mümkün deyil. Xınalıqlılar öz kəndini “kətş”, özlərini “kəttid” (“özümüzkilər”) adlandırırlar.

Azərbaycanda yaşayan Xınalıq etnik qrupunun üzvlərinin sayı dəqiq təyin olunmayıb. XVII–XVIII əsrlərdə bir neçə ailə Ağdaş rayonuna köçərək orada Xınaxlı kəndinin əsasını qoyublar. Rus və alman alimlərinin qənaətinə görə, Alban tayfalarından olan Xınalıqlılar Şahdağ etnik qrupuna daxildir. Onlar 1960-ci illərin sonlarına kimi dağ cığırları ilə qonşu kəndlər və rayonlarla əlaqə saxlayıblar. Xınalıqlıların ilkin nəqliyyat vasitəsi at və öküz olub.

Kənd əhalisinin sayı 2000 nəfərə yaxındır.  Xınalıq əhalisi Xınalıq kəndi ilə yanaşı, Quba rayonunun Gülüstan, Qaraçay, Dağlı, Alekseyevka, Aşağı Atuc, Quba rayon mərkəzində, həmçinin Rusiyanın bir çox şəhərlərində (Moskva, Ufa, Surqut, Tümen və digər) şəhərlərində 50-yə yaxın xınalıqlı ailə yaşayır.

Xınalıq əhalisinin əsas məşğuliyyəti qoyunçuluq və maldarlıq olduğundan, sakinlərin bir hissəsi 7-8 aylığına qışlaqlara köçməli olur.

Xınalıq kəndi bütün dünyada dağ yamacları ilə axan Qudyalçay çayı, sıldırım qayalar arasında seçilən əzəmətli gözəlliyi ilə tanınır. Xınalığın üstündəki ərazi demək olar ki, bütün il boyu buzlaqlarla örtülüdür.

Xınalıq kəndi Şahdüzü çökəkliyi, Şahdağ və Qızılqaya yaylaları və hündürlüyü 3500-4000 metrdən yuxarı olan Bazardüzü, Tufandağ, Şahdağ və Qızılqaya kimi ən yüksək zirvələrlə əhatə olunub. 5000 ildən çox tarixi olan bu kənd sərt iqlimi olan sıldırım dağ zirvəsində yerləşir. Bu baxımdan, Xınalıq əhalisi yaşayış üçün son dərəcə çətin şəraitə uyğunlaşaraq buradakı məhdud təbii sərvətlərdən ehtiyatla istifadə etməyi öyrənib. Sərt iqlimə görə bu ərazidə ağaclar böyümür. Kənd ərazisi soyuğa davamlı bitki növlərinin əksəriyyəti üçün əlverişlidir. Digər dağlıq ərazilərdə olduğu kimi, Xınalıq kəndinin yerləşdiyi ərazidə də iqlim yüksəkliyə görə dəyişir.

Yüksək dağlıq ərazilər (>2700 m) dağlıq soyuq səhra iqlimi ilə xarakterizə olunur, aşağı ərazilərdə isə (1500-2700 m) bol yağıntılı soyuq qış iqlimi üstünlük təşkil edir. Xınalıqda illik temperatur 6°C, illik yağıntının miqdarı isə 575 mm-dir. Maksimal gündəlik yağıntı 56 mm civarındadır. Ən çox yağış yaz, yay və payızda yağır. Yazın ortası və qış ayları nisbətən quru keçir. Qışda yağıntı çox düşür - əsasən qar yağır. Martın ortalarında qar əriməyə başlayır, dağ çaylarında suyun miqdarı artır. Daşqınlar isti mövsümlərdə tez-tez olur.

Kəndin ətrafında çoxlu bulaqlar və 10-dan çox mağara var. Bu mağaralar əsasən brekçiya (minerallar və ya qayaların parçalanmış hissələrindən ibarət çöküntü brekçiyaları) karstlarından ibarətdir. Su izləri olan mağaraların hamısı hamar yerliyə və çıxınıtılı tavanlara malikdir. Mağaraya xaricdən, əsasən də yuxarıdan daxil olan su tədricən mağaraların döşəməsində toplanır və kiçik gölməçələr əmələ gətirir. Burada toplanan su müəyyən müddət mağarada qalır. Xınalıq kəndi və onun ətrafında bir neçə landşaft tipi olsa da, yüksək dağlıq ərazidə yerləşdiyindən şaquli zonalılıq aydın görünür. Subalp çəmənləri, alp çəmənlikləri və qayalıq ərazilər ərazinin əsas landşaft tipləridir. Bu çəmənliklər kəndin həm yuxarısında, həm də aşağıda, əsasən 1800-3200 m yüksəklikdə yayılmışdır.

Sehrli Muqoz

Xınalıq kəndindən bir qədər aralıda, 2300 metr yüksəklikdə yaylaqlara yaxın sahədə meşəlik zonası var ki, bu da bu subalp zonası üçün nadir haldır. Bu ərazi Muqoz adlanır və xınalıqlılar tərəfindən müqəddəs sayılır. Yerli sakinlər bəzi inanclara əsaslanaraq bu kiçik meşəni qoruyur və burada ağacların kəsilməsinə icazə vermirlər. Eynilə, ətraf ərazilərdə Şərqi Qafqaz turunun (Capra cylindricornis) və Qafqaz qar quşunun (Tetraogallus caucasicus) ovlanması yerli camaat tərəfindən qadağandır.

Xınalıq kəndinin yaxınlığındakı meşə və dağlarda nadir heyvan növləri yaşayır. Şərqi Qafqaz turu (Capra cylindricornis), Qafqaz çobanyastığı (Rupicapra rupicapra subsp. Caucasica), dağ keçiləri (Capra aegagrus aegagrus, Capra aegagrus hircus), vaşaq, qonur ayı və çöl donuzu, şahin və qartallar dövlət tərəfindən qorunur. Xınalıqlıların ərazilərdə məskunlaşan bəzi heyvan və quşlarla bağlı da müəyyən mənəvi inancları var.

Çaylar diyarı

Xınalıq kəndinin yaxınlığından Qudyalçay, Xınalıqçay və Miçək çayları axır. İlk iki çayın suyu boldur, sonuncusu isə yay aylarında quruyur. Qudyalçay kanyonunun ümumi uzunluğu 13 km-dir. Bütün çaylar qar və yağış suları, qismən də qrunt suları ilə qidalanır. Qudyalçay çay yatağından çıxan kiçik arxlar Xınalıq kəndinin çəmənliklərini suvarılmasına imkan verir.

Xınalıqlıların həyat tərzində yabanı bitki növlərindən istifadə çox əhəmiyyətlidir. Bu ərazilərdəki bir çox bitkilər təkcə yerli mətbəxdə və məişətdə deyil, həm də müalicə məqsədilə istifadə olunur.

Xınalıq kəndinin bir hissəsi Şahdağ Milli Parkının ərazisinə düşür. Böyük Qafqaz dağlarında yerləşən bu əsrarəngiz kənddə regionun endemik və unikal quş növlərinə rast gəlmək mümkündür. Seyrək bitki örtüyünə malik olan bu dağlıq ərazilərdə Qafqaz uları, adi odquyruq, Alp çərənçisi, qaya qaratoyuğu və saqqallı kərkəs kimi quş növlərini müşahidə etmək mümkündür.

Əraziyə xas quşlar

Qafqaz meşəxoruzu (Lyrurus mlokosiewiczi)

Qafqaz uları (Tetraogallus caucasicus)

İri mərcimək quşu (Carpodacus rubicilla)

Sarıqarın yarpaqgüdən (Phylloscopus nitidus)

Qırmızıqarın odquyruq (Phoenicurus erythrogastrus)

Dağ hörücüsü (Serinus pusillus)