Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi 18 sentyabr 2023-cü il tarixində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.
Nominasiya sənədinin əsas ana xəttini Xınalığın yarımköçəri mədəniyyəti təşkil edir. Xınalıq sakinləri ildə iki dəfə yaylaq-qışlaq arasında mövsümü köç edərək ilin 4 ayını Böyük Qafqaz dağlarının alp-subalp çəmənliklərində (1800-2900 m), 8 ayını isə Mərkəzi Aranın qışlaqlarında yaşayırlar. Minillərdən süzülüb gələn köçəri heyvandarlıq mədəniyyəti Xınalıq icmasının bütün mədəni sferasını – tarixini, memarlıq irsini, təsərrüfatın kommunal idarəetmə formasını, qastronomiyasını, folklorunu, inanc sistemini, ticarət əlaqələrini və s. formalaşdırıb.
Yaylaq-qışlaq arasında ildə iki dəfə - yazda və payızda 15-20 gün miqrasiya edən köçərilərin özünəməxsus ritualları, təbiət resurslarından istifadə (otlaqlar, bitkilər, su hövzələri, təbiətdə risk menecmenti və s) bacarıqları və nəsildən-nəslə ötürülən bilikləri yarımköçəri mədəniyyətin bu günə kimi qorunmasına gətirib çıxarıb. Bu gün abidələri və autentikliyini qoruyub saxlamış yarımköçəri mədəniyyətlər dünyada nadir mədəni irs nümunələri kimi UNESCO tərəfindən qorunmaqdadır.
İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya 3-cü (iii) və 5-ci (v) meyarlarla çıxış edir.
Dünya İrsinin 3-cü meyarı Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal yarım-köçəri mədəniyyətin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin harmoniyası, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub.
Dünya İrs siyahısında təklif olunan ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri daxildir. Sözügedən abidələrin fiziki olaraq qorunması ilə yanaşı, onların funksionallığının saxlanması və autentikliyinin qorunması da Dünya İrs Siyahısına qəbul prinsiplərinə uyğun gəlir.
Nominasiya sənədinin icmalı ilə (Executive Summary) aşağıdakı keçiddən tanış ola bilərsiniz:
Xınalıqlılar tarixən heyvandarlıqla məşğul olublar. Bu ənənə indi də davam edir. Xınalıq və ətraf kəndlərin sakinləri mal-qaralarını ildə iki dəfə yaylaq və qışlaqlara aparırlar. Yaz və payızda baş verən köç prosesi hər dəfə təxminən iki həftə davam edir.
Qışlaq, Xınalıqlıların yarımköçəri həyat tərzinin üç əsas komponentindən biridir. Xınalıq çobanları payızın əvvəlindən yazın ortalarına kimi burada 7-8 ay keçirirlər. Soyuq havalarda qışlaqda yaşamaq mal-qaranı mülayim temperaturda saxlamağa və heyvanları ilboyu təzə yemlə bəsləməyə imkan verir.
Xınalıqlıların qışlaqları respublikanın mərkəzi düzənliklərində, Böyük Qafqazın aşağı dağlarının Şirvan düzü ilə kəsişdiyi ərazilərdə - Hacıqabul və Abşeron rayonlarında yerləşir. Qışlaqlar üçün Xınalıq çobanları adətən təpələrlə düzənliklərin kəsişdiyi yerdə 40-50 metrdən 400-450 metrə qədər olan torpaq sahələri seçirlər. Hər bir qışlaq 500-1500 hektar ərazini əhatə edir və onların öz sərhədləri var. Adətən qışlaqların adları yerin toponimi ilə eyni olur. 4-5 çoban və onların ailələri qışlaqdan birlikdə istifadə edir. Çobanların ailə üzvləri qazmalarda (yarısı yerin altında olan ev) yaşayırlar.
Xınalıqlılar ilin cəmi dörd isti ayını Xınalıq kəndində və onun yaylaqlarında keçirirlər. Onlar ilin yeddi soyuq ayını qışlaqlarda, bir ayını isə yaylaq və qışlaqlar arasında keçirirlər. Yaylaq və qışlaq əraziləri, həmçinin mövsümi hərəkət marşrutu kəndin və Xınalıq əhalisinin mədəni landşaftının və onların ənənəvi heyvandarlıq təcrübəsinin vacib komponentləridir.
Mal-qaranın yerdəyişməsi ildə iki dəfə - yaz və payızda sabit marşrut üzrə çobanlar tərəfindən aparılır. Köç yolu Xınalıq kəndindən başlamaqla Hacıqabul və Abşeronun qış otlaqlarında başa çatır. Bu mövsümi hərəkət marşrutu yaxınlıqdakı digər yaşayış məntəqələrindən olan 7000-ə yaxın insanı və 400.000 qoyunu birləşdirir.
Yaylaqlar Azərbaycanın müxtəlif yerlərində 1700-3200 m yüksəklikdə yerləşən dağ çəmənliklərindədir. Bu ərazilər xınalıqlıların heyvandarlıq təcrübəsində üç vacib elementdən birini təşkil edir. Çobanlar payızda aşağı qış otlaqlarına köçənə qədər ailələri ilə birlikdə burada yaşayırlar.
Yaylaqların inzibati və tarixən müəyyən edilmiş sərhədləri var ki, onlar böyük qoyun sürüsünü (1000-1500 qoyun) yaşıl ot ilə təmin edə bilirlər. Yay otlaqlarında adətən may ayından sentyabrın sonuna kimi yaşıl ot örtüyü olur və təbii yemin bol olduğu ilin bu dövründə mal-qara açıq havada saxlanılır. Qoyunlar yay otlaqlarına mayın sonu - iyunun əvvəllərində gəlir. Keyfiyyətli qida bol olan yaylaqlarda mal-qara tez kökəlir.
Xınalıq çobanları heyvanlarını saxlamaq üçün çox vaxt yaylaq icarəyə götürürlər. Yaylağı icarəyə götürən sahibkar çoban adətən kənddən dörd-beş çoban tutaraq sürüyə qulluq edir.
Köç yolundan istifadə edənlər arasında xınalıqlılar xüsusi diqqət cəlb edir. Belə ki, Xınalıqlılar ilin cəmi dörd ayını Xınalıq kəndində yaşayırlar və sürülərini ətrafdakı yaylaqlarda – dağlıq zonada otarırlar. Onlar ilin qalan 8 ayını isə öz kəndlərindən uzaqdakı qışlaqlarda – düzənlik zonada keçirirlər.Köçəri ailələr Abşeron və Hacıqabul rayonu ərazisindəki qışlaqlarda, qazmalarda (yarısı yerin altında yerləşən tikililər) yaşayırlar. İlin 7-8 ayını burada keçirdikdən sonra yaylaqlara geri dönürlər.
Köçəri ailələrdə təsərrüfatda hamı iştirak edir. Kişilər sürüləri otarır, qadınlar isə yundan xalça və corab toxuyur, məişət işləri ilə məşğul olurlar. Beləliklə, köçəri əhali Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrini və adət-ənənəsini davam etdirir və gələcək nəsillərə ötürür. Köç yolu ilə hər gün 15-20 kilometr yol qət edən çobanlar gecələmək üçün ənənəvi alaçıqlar qururlar. Alaçıq qurulması üçün torpağa maili formalı 25-30 çubuq basdırılaraq karkas formasında kəndirlə bəndlənir. Həmçinin, eninə payalarla çubuqları bir-birinə yenidən kəndirlə bərkidilir. Dairəvi alaçığın daxili hündürlüyü 2-2.5 m-ə çatır. Alaçığın üstü suyadavamlı keçə ilə örtülür. Köç Yolu boyu çoxsaylı türbələr, pirlər, məscidlər və digər inanc yerləri, mədəniyyət abidələri tikilib. Köç yolunda müqəddəs hesab edilən və qorunan meşələr yerləşir. Bu yolda vəfat edən insanların basdırıldığı qəbiristanlıqlar da salınıb.