Xınalıq Tarix Etnoqrafiya Muzeyi 2001-ci ildə fəaliyyətə başlayıb. 160 kv.m-lik sahəsi olan muzey binası iki zaldan ibarətdir. Burada 2000-ə yaxın eksponat sərgilənir. Xınalığın zəngin tarixi, məişəti və yerli əhalinin adət-ənənələrini əks etdirən eksponatlar arasında orta əsrlərdən tutmuş müasir dövrə qədər müxtəlif zaman kəsiklərini əhatə edən məişət əşyaları və alətlər, gil və mis qablar, kilim və xalçalar, daş kitabələr görmək mümkündür. Muzeyin divarları kənd camaatının toxuyub hədiyyə etdiyi xalçalarla bəzədilib.
Muzeydə həmçinin orta əsrlərə aid xınalıqlıların məişət və təsərrüfatda istifadə etdikləri alətlər də nümayiş etdirilir. Xınalıq kəndində biçində kəndlilərin ən əvəzolunmaz vasitəsi olan vəl də muzeydə rast gəlmək olar.
Burada qədim qayçı, bıçaq, oraqlar, məişət üçün nəzərdə tutulan digər qablar da var. Ekspozisiya sırasında olan maddi-mədəni nümunələr Xınalıqda hələ çox illər əvvəl elm və mədəniyyətin inkişaf etdiyini göstərir. Eyni zamanda, Osmanlı türkcəsində, fars və ərəb dilində qədim əlyazmalar XIII–XVIII əsrlərdə kənddə bu üç dildən geniş istifadə olunduğunu təsdiqləyir. Bu əlyazmalar müxtəlif yerlərdən, xüsusilə məscidlərdən tapılmış məktublar, qeydlərdir. Onların əksəriyyəti cırılıb, xırdalanmış formadadır. Bir çoxlarının hissələri tapılıb birləşdirilərək oxunacaq hala gətirilib. Hissələri bərpa etdirilən əlyazmaların surəti çap edilərək elektron variantları hazırlanır. Muzey Xınalıq kənd sakini Xəlilrəhman Cabbarov tərəfindən yaradılıb. Həmin eksponatlar Xınalıq kənd sakinləri tərəfindən muzeyə hədiyyə olaraq verilib.