Xınalıqda diqqət cəlb edən məqamlardan biri də kəndin unikal memarlığıdır. Kənd evləri ərazinin relyefinə uyğun tikilib. Maraqlıdır ki, burada bir evin damı, ondan yüksəkdə yerləşən digər evin həyəti sayılır. Ərazi dağlıq olduğundan, evlər çox sıx tikilib və adətən bir evin qapısı o biri evin damına açılır. Binaların belə tikilməsi şaxtalı-çovğunlu günlərdə mənzillərin soyuqdan mühafizəsi üçün əhəmiyyətlidir. Kəndin inşaat təcrübəsində yerli tikinti materialları - qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilib. Buradakı tikililər arasında 200-dən 400-ə qədər yaşı olan evlər var. Tarixi şəkillərdə əksər evlərin əvvəllər aynabəndli olduğu da görünür. Sərt dağ iqlimi, tikinti üçün məhdud ərazi və davamlı olaraq güclü küləklərin əsməsi səbəbindən Xınalıqda evlər bu cür yaxın və ya demək olar bitişik tikilib. Xınalıqda nəzərə çarpan digər məqamlardan biri də kənddə ağac bitməməsidir. Burada yalnız otlar və kollar, habelə kənd təsərrüfatı bitkiləri yetişir. Xınalıqda sıx tikilmiş yaşayış evləri təsərrüfat sahələrinin olmaması ilə xarakterizə olunur. Bir sözlə, kənd yalnız evlərdən, həm həyət, həm də küçə rolunu oynayan düz damlardan ibarətdir. Evlərin bu cür sıx tikilməsinin digər səbəbi də düşməndən müdafiə ilə bağlıdır. Belə ki, keçmişdə bir evə digər evdən daxil olmaq mümkün idi. Təhlükəli anlarda bu imkan qonşuların bir-birini müdafiəsinə kömək edirdi. Bu gün də kənd sakinləri icma kimi davranır və bir çox məsələləri köməkləşib həll edirlər. Xınalıqlıların evlərində adətən mebel olmur. Divarlardakı taxçalar mebel funksiyasını əvəz edir – sakinlər bura pal-paltar, yorğan-döşək yığırlar. Kənd sakinləri daim yerdəyişmə etdiklərindən
əşyalarını mebellərdə saxlamırlar.