Qədim sənət növü olan toxuculuq Azərbaycanın əksər dağ kəndlərində olduğu kimi Xınalıqda da geniş yayılıb. Xınalıq əhalisi heyvandarlıqla məşğul olduğuna görə uzun müddət qışlaq və yaylaqlarda yaşayır, çoxlu yun ehtiyatı yığır və müxtəlif məhsullar - xalça və kilimlər, əlcəklər, corab və çantalar, şallar və digər əşyalar toxuyurlar. Bu əşyalar sərt qışda evləri və onların bədənlərini isti saxlayır.
Xınalıqlıların çox toxuduğu məhsullardan biri də rəngli yun corablardır. Adətən iki formada - qısa və uzunboğaz olan corablar həm qışlaq, həm də yaylaq həyatında geniş şəkildə istifadə edilir. Hər il Xınalıqdakı ailələrdə onlarla cüt corab toxunulur. Mövsümi olaraq toxunulan corablardan artıq qalanları digər kəndlərin sakinləri ilə mübadilə vasitəsi kimi istifadə edilib. Hər bir ailənin özünəməxsus corab çeşniləri olduğundan, bu naxışlar adətən nəsildən nəslə ötürülürdü. Buna görə də corabın naxışlarına baxmaqla, onun hansı ailədə toxunduğunu bilmək olur.
Corab üzərindəki naxışlara xalçalar üzərində də rast gəlmək mümkündür və onların özünəməxsus simvolikası var. Yun materialından əldə edilən ip adətən təbii bitkilərdən istifadə edilməklə boyanır. Quba corabları Quba xalçalarına xas olan naxış elementlərini əks etdirir. Ümumiyyətlə, corab ornamentlərinin təhlili onu göstərir ki, buradakı bütün elementlər Azərbaycan xalçalarından götürülüb. Corabların ornamenti son dərəcə zəngindir və bəziləri kompozisiya, naxış zərifliyinə görə sənət əsəri sayıla bilər. İndinin özündə də Xınalıqda corab toxuma ənənəsi davam edir. Siz belə rəngarəng yun corabları Xınalıqdan suvenir kimi alıb apara bilərsiniz.